İlk dəfə pasportun alınması
18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına pasportun rəsmiləşdirilməsi
Tələb olunan sənədlər:
1. Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli və ya keyfiyyətli scan edilmiş surəti;
2. 18-35 yaş hədlərində kişilər üçün hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin əsli və ya keyfiyyətli scan edilmiş surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli;
3. Ərizə - Anket;
4. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat vərəqəsi;
5. 2 ədəd foto şəkil (2x2 inches ölçüdə);
6. Sənədlərin tərtib edilib göndərilməsi üçün dövlət rüsümü. 25 (iyirmi beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). "Payable to the Consulate General of Azerbaijan".
7. Pasportun rəsmiləşdirilməsi üçün 60 (altmış) AZN dövlət rüsumunun AR DİN-in büdcəsinə ödənilməsini sübut edən qəbz. Bu rüsum Azərbaycanda pasporta müraciət edən şəxsin adına ödənilməlidir.
18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarına pasportun rəsmiləşdirilməsi
Tələb olunan sənədlər:
1. Vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın (FİN – fərdi identifikasiya nömrəsi ilə birlikdə doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
2. Ərizə - Anket;
Qeyd:
- 15 yaşı tamam olmamış vətəndaş üçün ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.
- 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
3. Qan qrupu haqqında tibbi arayış (uşağın şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
4. Valideynlərin notariusda təsdiq edilmiş razılıq ərizəsi (hər iki valideyn Baş Konsulluğa gəldiyi təqdirdə ərizə Baş Konsulluqda tərtib olunur, imza təsdiqi üçün 20 (iyirmi) ABŞ dolları məbləğində "money order" və ya "cashier's check" tələb olunur);
5. Valideynlərin pasportlarının surəti;
6. 2 ədəd foto şəkil (2x2 inches ölçüdə);
7. Sənədlərin tərtib edilib göndərilməsi üçün dövlət rüsümü. 25 (iyirmi beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). "Payable to the Consulate General of Azerbaijan".
8. Pasportun rəsmiləşdirilməsi üçün dövlət rüsumunun AR DİN-in büdcəsinə ödənilməsini sübut edən qəbz. Bu rüsum Azərbaycanda pasporta müraciət edən şəxsin adına ödənilməlidir.
“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur:
- bir yaşınadək uşaqlar üçün - 15 manat;
- bir yaşından üç yaşınadək uşaqlar üçün - 25 manat;
- üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 35 manat;
- on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 60 manat.
Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.
Onlayn ödəniş mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014
Qeyd: 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur.
Qeyd: 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izləri götürülmür.
Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir.
Baş Konsulluğa gəlmədən öncə vaxt təyin etmək tələb olunur.
Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.
Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa göndərilir.
Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.