Etibarnamələrin təsdiqi
Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə və Notariat haqqında Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında çalışan konsullar notariat hərəkətləri aparmaq, o cümlədən etibarnamələr təsdiq etmək hüququna malikdirlər.
Etibarnamələrin təsdiqi vətəndaşın və ya hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin bilavasitə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğuna müraciəti əsasında və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə həyata keçirilə bilər.
- Etibarnamə rəsmiləşdirərkən etibar etdiyiniz şəxsin yaşayış ünvanını və onun ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin kserosurətini konsula təqdim etməyiniz xahiş olunur.
- 20 ABŞ dolları məbləğində “money order” (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq etibarnamələr bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsə verilə bilər. Etibarnamənin qüvvədə olma müddəti üç ili keçə bilməz. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində hüquqi qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsiz hesab edilir.
Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu fiziki və hüquqi şəxslərin müraciəti əsasında aşağıdakı növ etibarnamələri təsdiq edir:
- əmlakın (evlərin, mənzillərin) idarə edilməsi, onun üzərində sərəncam vermək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamaq səlahiyyəti verən etibarnamələr;
- dövlət idarələrində və ictimai təşkilatlarda etibar edənin adından çıxış etmək, onun adından ərizə vermək, işləri aparmaq səlahiyyəti verən etibarnamələr;
- əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının alınması üçün etibarnamələr;
- pensiyaların, müavinətlərin və təqaüdlərin alınması üçün etibarnamələr;
- fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamələr.