news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2026

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda “20 Yanvar: Anım və xatırlama” adlı tədbir təşkil olunub.

Tədbirin açılışında Azərbaycan himni ifa edilib, hadisələr zamanı və sonrakı dövrlərdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən baş konsul Vüqar Qurbanov qonaqlara 20 Yanvar hadisəsinin milli iradəmizin zəfərini təcəssüm etdirdiyini və bunun Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda oynadığı rolu, habelə dövlətimizin 20 Yanvar və digər bütün şəhidlərimizin xatirəsini əməli olaraq uca tutduğunu vurğulayıb.

Daha sonra çıxış edən faciənin canlı şahidi Qəmər Xəlilova hadisələr barədə tədbir iştirakçılarına məlumat verib, xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə yanaşı, informasiya blokadasının yarılması üçün göstərilmiş səylərlə bağlı xatirələrini bölüşüb.

Çıxışların ardınca musiqiçilər Emin Kərimi, Bəhmən Mirzəzadə və Əmir Bayat tərəfindən həzin ruhlu Azərbaycan musiqiləri ifa edilib. Musiqi ifalarından sonra Xəzər dənizində fəaliyyət göstərən gəmiçilərin qəhrəmanlıqlarını özündə əks etdirən “20 Yanvarda doğulanlar” filmi nümayiş edilib. Həmçinin tədbir zamanı 20 Yanvar faciəsini özündə əks etdirən sərgi nümayiş etdirilib.

Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.

 

Mənbə: azertag.az

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti