Etibarlıq müddəti bitmiş pasportun yenilənməsi

Etibarlıq müddəti bitmiş, səhifələri dolmuş pasportun Baş Konsulluq vasitəsilə yenilənməsi üçün tələb olunan sənədlər:

  1. Vətəndaşın şəxsiyyət vəsiqəsinin əsli və ya keyfiyyətli scan edilmiş surəti;
  2. 18-35 yaş hədlərində kişilər üçün hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin əsli və ya keyfiyyətli scan edilmiş surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin əsli;
  3. Etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasportun əsli;
  4. Ərizə - Anket;
  5. Doldurulmuş Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat vərəqəsi;
  6. 2 ədəd foto şəkil (2x2 inches ölçüdə);
  7. Sənədlərin tərtib edilib göndərilməsi üçün dövlət rüsümü. 25 (iyirmi beş) ABŞ dolları məbləğində "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). "Payable to the Consulate General of Azerbaijan";
  8. Pasportun rəsmiləşdirilməsi üçün 40 (qırx) AZN dövlət rüsumunun AR DİN-in büdcəsinə ödənilməsini sübut edən qəbz. Bu rüsum Azərbaycanda pasporta müraciət edən şəxsin adına ödənilməlidir.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində (https://e-payment.mia.gov.az/portal/index) “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür.

Onlayn ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilməlidir. Ünvan: Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur.

  • bir yaşınadək uşaqlar üçün - 10 manat
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  • on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir.

Baş Konsulluğa gəlmədən öncə vaxt təyin etmək tələb olunur.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa göndərilir.

Bu səbəbdən pasportun rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.