Qayıdış Şəhadətnaməsi

Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsi

Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddəti başa çatdığı və ya itdiyi halda, həmin vətəndaşın Azərbaycan Respublikasına geri qayıtması üçün Baş Konsulluq tərəfindən Qayıdış Şəhadətnaməsi rəsmiləşdirilir.

Qayıdış Şəhadətnaməsi verildiyi tarixdən etibarlıq müddəti 1 ay olmaqla yalnız Azərbaycana səfər etmək üçün rəsmiləşdirilir. Şəhadətnamə sahibinin digər ölkələrin ərazisindən tranzit keçmək hüququ vardır.

Konsulluq dairəsinə düşən ABŞ-ın 13 ştatından (Alyaska, Arizona, Kaliforniya, Kolorado, Havay adaları, Aydaho, Montana, Nevada, Nyu Meksika, Oreqon, Yuta, Vaşinqton və Vayominq) birinin ərazisində müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları qayıdış şəhadətnaməsi üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Anket;
  2. Pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü və surəti;
  3. 2 ədəd rəngli fotoşəkil (2x2 inches ölçüdə);
  4. Üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənəd;
  5. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
  6. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
  7. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd;
  8. 10 (on) ABŞ dolları məbləğində dövlət rüsumu – "money order" (nümunəyə bax) və ya “cashier’s check” (nümunəyə bax). Payable to the Consulate General of Azerbaijan.

Qeyd: Pasportu itirmiş və ya oğurlanmış şəxs qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi ilə əlaqədar Baş Konsulluğa müraciət etdikdə, yuxarıda sadalanan sənədlərdən əlavə pasportun itdiyi və ya oğurlandığı ərazinin polis idarəsindən arayış da təqdim etməlidir.

Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 3 gün vaxt tələb olunur.

Diqqət! Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Baş Konsulluq məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.