Ümumvətəndaş Pasportu

Azərbaycan Respublikasının Ümumvətəndaş Pasportu

 

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu (bundan sonra pasport) - onu daşıyan şəxsin vətəndaşlığın və şəxsiyyətini təsdiq edən sənəddir. Pasportun etibarlıq müddəti bitdikdə və ya səhifələri dolduqda vətəndaş yeni pasport almalıdır. Bütün pasportlar ölkə daxilində - Azərbaycanda rəsmiləşdirilir. Vətəndaşın xarici ölkədə daimi yaşaması və pasportunun etibarlıq müddətinin bitməsi onun vətəndaşlığının xitamına səbəb olmur.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportların rəsmiləşdirilməsinə başlanılmışdır.

Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.

Yeni biometrik pasportun etibarlıq müddəti 1 yaşınadək uşaqlar üçün bir (1) illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç (3) illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş (5) illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on (10) illik müddətə verilir. 

Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş şəxslər və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları artıq yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Baş Konsulluğa müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Baş Konsulluğa gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Tələb olunan sənədlər siyahısında qeyd olunan 40 (qırx) AZN dövlət rüsumu ödənildikdən sonra, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirilmiş yeni biometrik pasport Xarici İşlər Nazirliyi vasitəsilə Baş Konsulluğa çatdırılır

Qeyd etmək istərdik ki, dövlət rüsumunun elektron ödənilməsi üçün AR Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə (www.mia.gov.az) daxil olaraq, “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirilməsi mümkündür.

Baş Konsulluq vasitəsilə yeni pasportların rəsmiləşdirilməsi adətən 2-3 ay müddət tələb edir.

bakushop_1