Daimi qeydiyyat

ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatı

ABŞ-da daimi əsaslarla, başqa sözlə ABŞ-ın müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş daimi yaşamaq icazəsinə və ya ABŞ-da daimi yaşamaq statusuna sahib olmasını təsdiq edən digər sənədə (permanent residence card) malik olan Azərbaycan Respublikası vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində və Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda uçota alınırlar.

Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşadək uşaqları valideynlərindən birinin uçot kartoçkasında qeyd olunur.

ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri pasportla birlikdə Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğuna təqdim etməlidirlər:

  1. Doldurulmuş “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası”;
  2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu;
  4. Azərbaycan Respublikası vətəndaşının ABŞ-da daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti.

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə ABŞ-da daimi yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Baş Konsulluğa təqdim edilməlidir.

Məlumat üçün diqqətinizə çatdıraq ki, Baş Konsulluq tərəfindən ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınan zaman, onun pasportunda “Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunda uçota alınmışdır. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Baş Konsulluğun konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi tərəfindən aşağıdakı hallarda konsulluq uçotundan çıxarılırlar:

  • Digər ölkəyə və ya Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin konsulluq dairəsinə daimi yaşamaq üçün köçən Azərbaycan Respublikası vətəndaşları daimi yaşayış uçotundan çıxmaq üçün müraciət etdikdə;
  • Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;
  • Vəfat etdikdə;
  • Barələrində itkin düşmə və ya vəfat etmə haqqında məhkəmənin qərarı olduqda.

Baş Konsulluq tərəfindən ABŞ-da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotundan çıxarıldıqda, vətəndaşın pasportunda “_________________ (səbəb) ilə əlaqədar Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunda uçotdan çıxarıldı. Tarix:_____ İmza:_____” sözləri əks olunmuş ştamp vurulur, Baş Konsulluğun konsulluq məsələləri üzrə vəzifəli şəxsi tərəfindən imzalanaraq, gerbli möhürlə təsdiq edilir.

Sənədlərin poçt vasitəsi ilə göndərildiyi halda sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi (prepaid envelope) əlavə edin (Zərfin üstünə ünvanınızı yazmağı yaddan çıxartmayın). 

Diqqət!

Baş Konsulluq sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.