Vətəndaşlıqdan çıxma

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket
  2. 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
  3. Yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  4. Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
  5. Dövlət rüsumunun ödənilməsi-400 ABŞ dolları
  6. Şəxsiyyəti təsdiq edən sənədin surəti;

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti tərəfindən rədd edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatətlə müraciət edirlər:

Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar – Dövlət Miqrasiya Xidmətinə;

Xarici dövlətlərdə yaşayan vətəndaşlar isə - Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən Baş Konsulluğa təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır.

Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə baxılma müddəti ümumilikdə 6 ay çəkir.

Azərbaycan Respublikası vətəndaşlığından çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Baş Konsulluq tərəfindən yazılı məlumat verilir.