Vətəndaşlığa qəbul

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış Ərizə-anket
  2. 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
  3. Yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  4. Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  5. Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;
  6. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  7. Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);
  8. Dövlət rüsumunun ödənilməsi-150 ABŞ dolları.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

Qeyd: Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılır.

Savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Diqqət! Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə vəsatətlə müraciət edirlər:

§  Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər – Dövlət Miqrasiya Xidmətinə
§  xarici dövlətlərdə yaşayan şəxslər isə – Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Azərbaycan Respublikası vətəndaşlığına qəbulu haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu barəsində müvafiq sərəncam verilir.

Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Baş Konsulluq tərəfindən yazılı məlumat verilir.

 

bakushop_1